Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar videoformatda tədbir keçirilib

14 iyun 2021 | 16:00

15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar YAP Xəzər rayon Təşkilatı və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə video konfrans keçirildi.
  14 iyun 2021- ci il tarixində videofarmatda keçirilən konfransda Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət Vəkilləri Rauf Əliyev, Soltan Məmmədov, YAP Xəzər rayon Təşkilatının sədri Namiq Əhmədov, rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, rayonun fəal gəncləri və digər rəsmi şəxslər iştirak edib.
  Tədbiri açıq elan edən Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bildirib ki, 15 iyun müstəqil dövlətimizin ən önəmli tarixlərindən biridir. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə ölkəmiz ağır bir sınaqdan üzüağ çıxmağı bacardı. Azərbaycanda daxili siyasi sabitlik bərpa olundu, dövlətimiz inkişaf mərhələsinə qədəm qoydu.
  Konfransda çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov 15 İyun Milli Qurtuluş Günü münasibətilə konfrans iştirakçılarını təbrik edib. Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs edən Elşən Salahov bildirib ki, Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi.
  Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur. Bu gün ölkəmizin hər bir vətəndaşı güclü Azərbaycanla qürur duyur. Bütövlükdə, müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, ardıcıl nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir. Ən əsası Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu gün həmin işğaldan azad edilən torpaqlarımızda quruculuiq işləri həyata keçirilir. Vurğulanan məqamlar bir daha təsdiq edir ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı kimi bütün istiqamətlərdə atılacaq addımların ümumi prinsiplərini zərgər dəqiqliyi ilə müəyyənləşdirib. 
  Daha sonra çıxış edən Milli Məclisin deputatları Rauf Əliyev və Soltan Məmmədov bildirdilər ki, 15 iyun Azərbaycanın tərəqqisinin başlanğıcı idi. 1993-cü ilin birinci yarısında həm dövlətçiliyimiz, həm xalqımız, həm cəmiyyətimiz, həm də milli-mənəvi dəyərlərimiz uçurumun kənarında idi, siyasi-iqtisadi tənəzzülün bir addımlığında dayanmışdıq. Milli Qurtuluş Günü xalqımız bütün şər qüvvələrə birdəfəlik “yox” dedi. Bu tarix, Ulu öndər Heydər Əliyevlə xalqın bütövləşdiyi gündür. Böyük qayıdış milli istiqlaliyyətimizi və azadlığımızı özümüzə qaytardı, inkişaf yoluna qədəm qoyuldu. Bu gün həmin inkişaf Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşib və dövlətimiz günü-gündən güclənir, qüdrətlənir.
  Daha sonra çıxış edən 183 nömrəli tam orta məktəbin direktoru Rəhilə Abbasova da Ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən və ölkəmizin əldə etdiyi inkişafdan danışıb.

Keçidlər