Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.

07 fevral 2018 | 16:00

     7 fevral 2018-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyəti Başçısının 2017-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir.
    Mərdəkan Mədəniyyət Sarayında 380 nəfər rayon ictimaiyyətinin iştirakı ilə keçirilən hesabat yığıncağında Milli Məclisin deputatı Rauf Əliyev, Azərbaycan Respublikası Prezidenti   Administrasiyasının məsul işçisi Orxan Bayramov, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Rayon Ağsaqqallar Şurasının sədri Rövşən Salahov, RİH Başçısının müavinləri, Aparatın məsul işçiləri, hüquq mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri iştirak etmişdilər.
     Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin Xəzər Rayon İcra Hakimiyyətinin İnzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər.
     Yığıncaq iştirtakçıları mədəniyyət mərkəzinin foyesindəki rayonun sosial-iqtisadi göstəricilərini əks etdirən foto stendlərlə və Xəzər rayonunda istehsal olunan məhsullardan ibarət təşkil olunmuş sərgi ilə tanışlıqdan sonra Xəzər rayonunun sosial-iqtisadi göstəricilərini əks etdirən filmi izləyiblər.
     Filmin nümayişindən sonra hesabat məruzəsi ilə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov yanvar ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasının keçirildiyini bildirib. Dövlət başçısının 2017-ci ildə ölkəmizin sürətlə və uğurla inkişaf etdiyini, Azərbaycan xalqının sabitlik və təhlükəsizlik şəraitində yaşadığını bildirdiyini qeyd edib. Cənab Prezidentin 2017-ci ildə qeyri-neft sektorunun 2,5 faiz, o cümlədən sənaye sahəsinin 3,6 faiz, kənd təsərrüfatının isə 4,1 faiz artdığını, valyuta ehtiyatlarının 4,5 milyard dollar artaraq 42 milyard dollar təşkil etdiyini, Azərbaycan iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulduğunu, ixracın 19 faiz, qeyri-neft ixracının isə 24 faiz artdığını, 177 mini daimi iş yeri olmaqla 221 min yeni iş yeri açıldığını, işsizliyin 5 faiz, yoxsulluğun isə 5,4 faiz səviyyəsində olduğunu. iqtisadi və sosial infrastruktur layihələrinin uğurla icra edildiyini, energetika və nəqliyyat sahəsində tarixi hadisələrin baş verdiyini, idman sahəsində böyük uğurların qazanıldığını, İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirildiyini diqqətə çatdırdığını söyləyib. Ölkə başçısının 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdiyini, il ərzində həm ölkəmizdə, həm də xaricdə bununla əlaqədar bir çox tədbirlərin keçiriləcəyini vurğuladığını nəzərə çatdırıb.
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsində bu gün bölgələrlə bərabər Bakıətrafı qəsəbələrin də sosial-iqtisadi inkişafının sürətlə davam etdirildiyini vurğulayan Gülağa İslamov 2017-ci ildəXəzər rayonun iqtisadi və sosial həyatında baş verən pozitiv dəyişikliklərin bütün sahələrdə yüksəlişlə müşaiyət olunduğunu yığıncaq iştirakçılarının diqqətinə çatdırdı.
    Daha sonra “İqlim” Elmi İstehsalat Müəssisəsinin direktoru Sabir Abbasov, Xəzər Su-Kanal İdarəsinin rəisi Mübariz Nəsirov, “Bakı Aqro Park” Müəssisəsinin direktoru Nazim Məmmədov, 149 saylı Tam Orta Məktəbin direktoru Rəhilə Baxşıyeva çıxış edərək 2017-ci ildə görülən işlərlə bağlı ətraflı məlumat veriblər.
    Daha sonra Millət Vəkili Rauf Əliyev, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri Namiq Əhmədov və Prezident Administrasiyasının məsul əməkdaşı Orxan Bayramov məruzə ətrafında çıxışlar etdilər.
     Yığıncağın sonunda hesabat iclasının Qərarı oxunmuş və yığıncaq iştirakçıları adından cənab   Prezidentə müraciət ünvanlanmışdır.
İclasa yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı G.İslamov Azərbaycan Respublikası     Prezidentinin “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” 2018-ci il 05 fevral tarixli Sərəncamına əsasən 2018-ci ilin 11 aprel tarixində Prezident seçkilərinin keçiriləcəyini diqqətə çatdırıb və Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq maddələrindən irəli gələn məsələlərin həlli istiqamətində zəruri tədbirlərin görülməsi ilə bağlı tapşırıqlarını verib. G.İslamov həmçinin nvurğulayıb ki, Xəzər rayonunda ötən illərdə olduğu kimi bu il də Prezident seçkiləri yüksək səviyyədə keçiriləcəkdir.

Keçidlər