Şriftin ölçüsü :

Saytın rəngi :

Biz hər birimiz bir vətəndaş olaraq daha məsuliyyətli davranmalı , atdığımız hər addımın məsuliyyətini dərk etməliyik

17 iyul 2020 | 16:00
Son günlər xalqımızın həyatında baş verən hadisələr zaman keçdikcə yurd tarixinin bir məqamı olaraq tariximizin silinməz səhifələrinə dönəcəkdir.
12 iyul tarixində  erməni silahlı dəstələri tərəfindən Tovuz rayonu bölgəsindəki dövlət sərhədimizin pozulması, sərhəd hərbi məntəqələrimizin, sərhədboyu yaşayış məskənlərimizin artilleriya atəşinə tutulması nəticəsində xalqımıza ağır itki üz verdi. Başda general Polad Həşimov olmaqla 11 hərbçimiz şəhid oldu, mülki vətəndaşımız artilleriya atəşinin qurbanına çevrildi. Düşmənin hərbi təcavüzünün qarşısı ordumuzun əsgərləri tərəfindən qətiyyətlə alınaraq düşmən qüvvələri darmadağın edildi, atəş nöqtələri suduruldu və düşmən daha ağir itkilərə məruz qaldı. 2018¬-ci ildəki uğurlu Naxçıvan əməliyyatından sonra Azərbaycan Ordusu 12 İyul əməliyyatı ilə  bir daha öz üstünlüyünü və nəyə qadir olduğunu göstərdi.
   Baş verən hadisələr respublikamızın bütün həyatina öz təsirini göstərdi. Paytaxt Bakimizda, Sumqayıtda, Xirdalanda və bir çox bölgələrimizdə  xalqımız mütəşəkkilliyini, ordumuzla, dövlətimizlə  həmrəyliyini bir daha nümayiş etdirdi. Dövlətimizin Təhlükəsizlik Şurasının toplantısı çağırılaraq vəziyyət müzakirə edildi, operativ tədbirlər həyata keçirildi.
Eyni zamanda baş vermiş hadisələrlə bağlı mövcud vəziyyət dövlət başçımız Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda əsas müzakirə olunan məsələlərdən biri oldu. Məhz bu toplantıda Prezidentimiz özü də ordumuzun, dövlətimizin güclü olduğunu, xalqla iqtidar birliyini vurğulamışdır: “Mən hesab edirəm ki, son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərmişdir”.
   Son günlər baş verən hadisələrin təhlilləri eyni zamanda onu deməyə əsas verir ki, bizim hər birimiz bir vətəndaş olaraq daha məsuliyyətli davranmalı , atdığımız hər addımın məsuliyyətini dərk etməliyik. Sərhədlərimizi artilleriya atəşinə tutaraq bizi itkilərə məruz qoyan Ermənistanın ordumuz tərəfindən layiqli cavab aldıqdan sonra dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edərək yardım istəməsi, bizi məhv edəcəklər deyə hay-həşir qoparması bizləri daha da dərindən düşündürməlidir.
Vətənimizin, yurdumuzun düşmənləri hələ də bizim istiqlalımızı, müstəqilliyimizi, müstəqillik illərimizdəki bütün sahələrdə kifayət edəcək qədər dirçəlişimizi həzm edə bilmirlər. Söhbət tək öz qanına susamış  naxələflərdən yox, həm də onların arxasında dayanan və onları şirnikləndirənlərdən gedir. Bu mənada bizim hər birimiz hər zaman sayıq olmalıyıq, hər bir məsələyə azad millətin, müstəqil dövlətin gözü ilə baxmalıyıq.
  Ötən günlərdə xalqımızın ruh yüksəkliyi ilə coşaraq meydanları yenidən titrətməsi nə qədər qürurverici olsa da, yenə təxribatyönümlü cəhdlər, müəyyən xoşagəlməz hallar baş verdi. Bundan əlavə bütün dünyanı sarmış virusla mübarizə aparılan, karantin rejimi tətbiq olunan şəraitdə qoyulan qaydaların tamamən gözardı edilməsi zamanı 4 aydan bəri dövlətimizin, millətimizin gördüyü işləri, həkimlərimizin çəkdiyi zəhməti də nəzərə alaraq hamı bir nəfər kimi müəyyən qaydalara əməl etməliydi.
  Düşünürəm ki, millətini, yurdunu sevən, onun hər qarışı üçün can əsirgəməyəcək hər bir vətəndaş ilk növbədə öz öhdəsinə düşən vəzifəni yerinə yetirməlidir.
     Son döyüş əməliyyatlarında vətən yolunda canlarını fəda etmiş Şəhidlərimizə uca Tanrıdan rəhmət diləyir, sərhədlərimizdə keşik çəkən, döyüş səngərlərində vuruşan əsgərlərimizə yeni qələbələr, yeni zəfərlər arzulayırıq.

Əbülfət Zeynaloğlu
218 nömrəli tam orta məktəbin  direktoru

Keçidlər