Şriftin ölçüsü :

Saytın rəngi :

`

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə bağlı onun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 36.10-cu maddəsinə uyğun olaraq güzəştlərin həcmi və tətbiqi qaydasını müəyyənləşdirib təsdiq etsin;

həmin Qanunun 37.6-cı maddəsinə uyğun olaraq tender komissiyasının yekun protokolunun nümunəsini təsdiq etsin;

həmin Qanunun 40.11-ci maddəsinə uyğun olaraq mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsini hazırlayıb təsdiq etsin;

həmin Qanunun 51.2-ci maddəsinə uyğun olaraq malların (işlərin və xidmətlərin) qiymətlərində dəyişikliklərin satınalma müqaviləsinə təsirinin hesablanması üsulunu müəyyənləşdirib təsdiq etsin;

Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin funksiyalarına dəyişikliklər edilməsi ilə bağlı onun haqqında yeni Əsasnamə layihəsini təsdiq edilmək üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

öz səlahiyyətləri daxilində "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

250 (iki yüz əlli) milyon manat və ondan yuxarı həcmdə bütün dövlət satınalmaları tender vasitəsi ilə həyata keçirilir;

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 4.1.1-ci və 4.1.6-cı maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

həmin Qanunun 11.5-ci, 36.10-cu, 37.6-cı, 40.11-ci, 44.2-ci və 51.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

həmin Qanunun 23.2-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi və tender predmetinə aidiyyəti olan müvafiq mərkəzi icra hakimiyyəti orqanları həyata keçirirlər;[1]

həmin Qanunun 17.1-ci, 20.1-ci və 41.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;

həmin Qanunun 4-cü maddəsinin adında, 4.1-ci, 4.2-ci, 11.2-ci, 12-ci, 17.3-cü, 21.1-ci, 27.4-cü, 37.5-ci, 38.2-ci, 40.6-cı, 41.3-cü, 42.1.19-cu, 57.1-ci, 57.2-ci, 57.3-cü, 57.4-cü, 58.1-ci, 58.3-cü və 59.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir.[2]

3. "Büdcə təşkilatları tərəfindən malların (işlərin və xidmətlərin) satın alınması haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 19 dekabr tarixli, 524 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilsin.

4. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti

HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 29 yanvar 2002-ci il
                 № 668

 

Keçidlər