Şriftin ölçüsü :

Saytın rəngi :

Fəaliyyət

2016-cı   ilin I rübündə  Xəzər rayonunun
sosial-iqtisadi inkişafının yekunlarına dair
HESABAT

  09 aprel 2016-cı il tarixində  Azərbaycan Respublikası  Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə  Nazirlər Kabinetinin 2016-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran  vəzifələrə həsr edilmiş iclasında ölkə başçısı I rübdə iqtisadi islahatların daha da sürətlə aparılmasını və bu sahədə bir çox sərəncam və qanunların imzalanaraq qəbul  edilməsini qeyd etmişdir. Biznes mühitinin  yaxşılaşdırılması, ixrac  potensialımızın artırılması, xarici sərmayənin Azərbaycana cəlb edilməsi, yerli istehsalın  artırılması, bütün bu istiqamətlər üzrə çox ciddi qərarlar qəbul edilmişdir. Qeyri neft  sənayesinin 5 %-dən çox artması, əlbəttə həm göstəricidir, həm də yaxşı ümidlər verir ki, Azərbaycanda bu sahə daha da sürətlə inkişaf edəcək, ixrac strukturumuzda da daha böyük çəkiyə malik olacaqdır.
  2016-cı ildə Respublika üzrə 13 min iş yeri bağlanmasına baxmayaraq, 37 min yeni iş yeri yaradılmışdır ki, onlardan da 31 mini daimi iş yeri olmuşdur. Ümumilikdə iqtisadiyyatın bütün sahələri üzrə müsbət dinamika olduğu qeyd edilmişdir.
  Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir ki,  bölgələrlə bərabər Bakıətrafı qəsəbələrin də  sosial-iqtisadi inkişafı sürətlə davam etdirilir.  Həmişə olduğu kimi ötən dövrdə də yenidənqurma  işləri Xəzər rayonunda uğurla davam  etdirilmişdir.
2016-cı ilin I rübündə rayonun iqtisadi və  sosial həyatında baş verən pozitiv dəyişikliklər  bütün  sahələrdə yüksəlişlə müşayət olunmuşdur. Belə ki, rayon üzrə sənaye məhsulu istehsalı  37 milyon 722 min manat təşkil etmişdir. Sənaye məhsulunun ümumi həcmində dövlət  sektorunun xüsusi çəkisi 88.4% olmuşdur.
Nəqliyyat sektorunda 186 milyon 332,8 min manatlıq xidmətlər göstərilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə  müqayisədə  153,9 %  çox olmuşdur.
Rabitə müəssisəsi tərəfindən idarə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 1 milyon 338,9  min manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə  4,5 %  çox rabitə xidməti göstərilmişdir.
Hesabat dövründə rayonun tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün  maliyyə mənbələri hesabına 9  milyon 453,5  min manat məbləğində investisiya cəlb edilmişdir. İstifadə edilmiş investisiyaların 7 milyon 957,8  min manatı  tikinti-quraşdırma işlərinin  yerinə yetirilməsinə sərf olunmuşdur.
İstehlak və xidmət bazarlarında əhaliyə 15  milyon 541,1  min manatlıq istehlak malları satılmış  və pullu xidmətlər göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsi  12 milyon 328,3  min  manata, pullu xidmətlərin  həcmi 406,3   min manata çatmışdır.
Ticarət şəbəkəsindən satılmış məhsulların 13,8  faizi hüquqi şəxs kimi fəaliyyət göstərən  ticarət təşkilatları, 86,2  faizi isə hüquqi şəxs  yaratmadan fəaliyyət göstərən fiziki şəxslər tərəfindən realizə olunmuşdur.
Rayonun iqtisadi və sosial sahələrində işləyənlərin orta aylıq əmək haqqı 578,4  manat, sənaye sahəsində çalışanların orta aylıq əmək  haqqı 434,3 manat,  tikinti kompleksində çalışanların orta aylıq əmək haqqı 404,1 manat təşkil etmişdir.
Hesabat dövründə rayon üzrə 450  yeni iş yeri açılmışdır. Bunun 43-ü yeni yaradılmış müəssisə və təşkilatlar, 10 -u mövcud müəssisə və təşkilatlar, 397-i isə fiziki şəxslər   tərəfindən açılmışdır. Ümumiyyətlə son 13 il  ərzində rayon ərazisində 19 min  479  yeni iş yeri açılmışdır.
Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsində 2016-ci ilin I rübü ərzində 455 nəfər  fərdi sahibkarlıq fəaliyəti ilə məşğul olan  sığortaedən qeydiyyatdan keçmişdir.
Bundan əlavə Pensiya təyinatı sektoru üzrə 04.04.2016-ci il  tarixə olan vəziyyətə görə 16872 əmək pensiyaçısına pensiya ödənilir. Birinci rüb ərzində şöbə tərəfindən əhaliyə pensiya və müavinətlərin ödənilməsi üçün tələb olunan məbləğ 9.696,6 min manat təşkil etmişdir. Həmin maliyyələşmə 31.03.2016-ci il tarixində başa çatdırılmışdır. 16872 nəfər pensiyaçıya plastik kartlar vasitəsilə pensiyaların ödənilməsi təmin edilmişdir.
2016-ci ilin I rübünün  yekununa olan məlumata əsasən Xəzər rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi üzrə 6105 nəfərin müavinət işi qeydiyyatdadır. Birinci rüb ərzində təqdim olunan ərizələrə əsasən 654 nəfər müavinət alan vətəndaşların ərizələrinə yenidən komissiyada baxılaraq, onlara qanuna müvafiq olaraq aylıq müavinətlər təyin edilərək,  ödəniş müəssisələrinə göndərilmişdir.
Hal-hazırda Mərkəz üzrə 3851 nəfər 590242 manat məbləğində ÜDSY alır.
Bir ailəyə düşən ÜDSY-nın orta aylıq məbləği 153 manat  təşkil edir.
Xəzər rayon ƏSMM-nin əlil və tənhalara sosial məişət xidməti sektorunda 90 nəfər tənha əlil, ahıl vətəndaşa sosial xidmət göstərilir.
Azərbaycan Respublikası Sahibkarlığa Yardım Milli Fondu tərəfindən I rüb ərzində rayonun Zirə qəsəbəsində sahibkarlarla tədbir keçirilmiş, 10 sahibkarlıq subyektinə 100 min manat güzəştli kredit verilmişdir.
Əhalinin məşğulluğunu təmin etmək məqsədilə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Xəzər rayonuna  300 ştat vahidi işçi yeri ayrılmış və rayon ərazisində yaşayan, işsiz, aztəminatlı ailələrin üzvlərindən ibarət 300 nəfər işə qəbul edilmişdir.  Artıq bir neçə aydır ki,  bütün qəsəbələri əhatə edən həmin  işçi qrupları ərazidə, park və meydanlarda, yolların kənarlarında, məhəllədaxili küçələrdə təmizlik işləri görür və vaxtı-vaxtında əmək haqqlarını alırlar.
Hesabat dövründə rayon ərazisində tikinti və quruculuq işləri səngiməmiş, daha da geniş  vüsət almış, küçə və meydanlar, parklar abadlaşdırılmış, ayrı-ayrı ictimai binalarda, əsas yollarda, qəsəbədaxili küçələrdə təmir  işləri aparılmış və yenidən qurulmuş, su və  kanalizasiya  sistemləri  yeniləşdirilmiş, yeni  xidmət və istehsal müəssisələri, bir sıra sosial-mədəni obyektlər tikilərək əhalinin istifadəsinə  verilmişdir.
Hal-hazırda Xəzər Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına Şüvəlan qəsəbəsinin H.Əliyev, Mərdəkan  qəsəbəsinin Yesenin, Binə qəsəbəsinin Ə.İsazadə  küçələrinin yenidən qurulması, o cümlədən divarlara aqlay daşının vurulması, səkilərin  müasir üslubda yenidənqurulması, yolboyu  milli və tarixi elementlər nəzərə alınmaqla qədim tikililərin bərpası istiqamətində işlər davam etdirilir. Bu məqsədlə Şüvəlan qəsəbəsinin  H.Əliyev küçəsində 242 paqon  metr  bardür düzülmüş, səkilərə 491 m2  dekorativ daş döşənmiş, 36 m2 hörgü işi görülmüşdür.
Mərdəkan  qəsəbəsində, Dendrologiya İnstitutunun  310 m2 köhnə hasarı sökülərək yerində yeni hasar tikilmişdir. Qəsəbəsinin mərkəzi  Yesenin küçəsində 120  m2 aqlay üzlük, 230 paqon metr naxışlı daş vurulmuşdur.  Həmçinin qəsəbənin girişində salınan  istirahət parkında 50 m3 beton işi,  30 m2 hörgü işi görülmuş, 200 m3 torpaq daşınmışdır. Hal-hazırda da həmin parkda işlər davam etdirilir.
Qəsəbənin 28 may küçəsində isə 1500 paqon metr bardür düzülmüşdür.
Binə qəsəbəsinin mərkəzi küçəsində də bu  istiqamətdə  işlərə başlanmışdır. Hazırda orada 210 m2 aqlay üzlük, 480 paqon metr naxışlı daş vurulmuşdur. İşlər davam etdirilir.
Bundan başqa Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına Mərdəkan, Şüvəlan qəsəbələrinin mərkəzi  küçələrində və digər yerlərdə yerləşən 95 ədəd  küçə işıqları təmir edilərək,  yararlı vəziyyətə gətirilmişdir.
Bugünün prioritet məsələlərdən biri də yaşıllıqların salınmasıdır. Bildiyiniz kimi  2015-ci il ərzində rayon ərazisində 58519 ədəd  müxtəlif növ ağac əkilmişdir. Nəzərinizə  çatdırırıq ki, 2016-cı il ərzində  rayon ərazisində 72000 ağac  əkilməsi İcra Hakimiyyəti tərəfindən  proqnoz verilmişdir. Artıq bir neçə aydır ki,  bu işlərə başlanılmış və 2016-cı  ilin I rübü ərzində rayonun Mərdəkan  qəsəbəsində 3450 , Şüvəlan qəsəbəsində  960, Binə qəsəbəsində 450 , Türkan qəsəbəsində  3200, Buzovna qəsəbəsində  1570, Qala qəsəbəsində 2830, Şağan qəsəbəsində 2288, Zirə qəsəbəsində  isə 23400 ədəd ağac əkilmişdir. Ümumilikdə İcra Hakimiyyəti, qəsəbələr və bələdiyyələr  tərəfindən rayon ərazisində 38148 ədəd müxtəlif  növ ağac  əkilmiş, onların  suvarılması  təmin edilmişdir. Hazırda da ərazilərdə yaşılıqların salınması və onlara aqrotexniki qulluq işləri davam etdirilir.
Hesabat dövründə rayon ərazisində asfalt yolların çəkilişi, əsaslı və cari təmiri istiqamətində bəzi işlər görülmüşdür. «2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına  dair  Dövlət Proqramı»-na uyğun olaraq Binə qəsəbəsinin mərkəzi Ə.İsazadə küçəsindəki yenidənqurma  işləri çərçivəsində 10500 m2, Qala-Pirallahı  avtomobil yolunun 7 km-i əhatə edən hissəsində isə 50000 m2 asfalt örtüyü çəkilmişdir. Bununla yanaşı Xəzər Rayon İcra Hakimiyyətinin  daxili imkanları hesabına Şağan qəsəbəsində 7250 m2, Mərdəkan qəsəbəsində 1700 m2, Zirə qəsəbəsində 17960 m2 asfalt örtüyü  salınmış, Türkan qəsəbəsində isə 5 km  yol cari təmir olunmuşdur. 
     Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən 2016-cı ilin I rübündə məişət tullantıları meydançalarından 28305 kub.metr məişət və digər bərk tullantılar yığılaraq daşınmışdır.
Birliyin su maşınları ilə I rübdə xidməti ərazilər, məcburi köçkünlər, idarə və təşkilatlar 7874 ton içməli su ilə təmin edilmişdir.
2016-cı ilin I rübü ərzində müəssisə və təşkilatlardan, o cümlədən Birliyin xidmət ərazilərindən 1881 ton çirkab maye yığılaraq daşınmışdır.
Binə qəsəbəsi, 131 saylı MKİS-in xidmət ərazisində yerləşən  2146-cı məhəllədə 21 və 23 saylı, 2147-ci məhəllədə 3 saylı, Ə. İsazadə küçəsində  3 və 1 a saylı, İ. Əhmədov küçəsində 2 saylı, H. Hasilov küçəsində 13 saylı binaların sakinləri Xəzər Su kanal İdarəsi tərəfindən içməli su ilə fasiləsiz olaraq təmin edilmişdir.
131 saylı MKİS-in xidmət ərazisində təmizlik işləri ilə bərabər məişət tullantıları vaxtı-vaxtında yığılaraq daşınmış, konteynerlər təmir olunmuş və rənglənmişdir.
Binə qəsəbəsi, Zabit heyyəti küçəsində yerləşən 1, 2 və 3 saylı evlərin fasadında təmir və rənglənmə işləri aparılmış,  eyni zamanda Ə. İsazadə küçəsi 3 saylı binanın fasadında əsaslı təmir işləri davam etdirilir.
İ. Əhmədov küçəsi  2 saylı binanın qarşısındakı həyətyanı sahədə abadlıq işləri aparılır və sakinlərin istirahəti üçün abad məhəllə yaradılmaqdadır.
Buzovna qəsəbəsi 136 saylı MKİS-in xidmət ərazisində yerləşən G. Məmmədov küçəsi, 6a saylı binanın 2-ci girişində pəncərələr təmir edilmiş və şüşələnmişdir. Ərazidə yerləşən konteynerlər təmir olunmuş və rənglənmişdir.
V. Seryogin küçəsi bina 8a, 10a, 12, R. İmanov küçəsi  36, 38a saylı binaların ətrafında abadlıq işləri görülmüşdür.
R. Imanov küçəsi 28 saylı, 5 mərtəbəli binanın girişlərinin 780 kv.metr pilləkən qəfəslərinin sahəsi, divar və tavanları  boya ilə rənglənmişdir.
136 saylı MKİS-in xidmət ərazisində yerləşən R. İmanov küçəsi  36 saylı binanın qarşısında sakinlərin istirahəti üçün yeni abad məhəllə yaradılmaqdadır.
Buzovna qəsəbəsi Albalılıq dayanacağı keçid 1349 ünvanında yerləşən 140 saylı MKİS-in xidmət ərazisindəki 5 mərtəbəli 4 yataqxana binasının girişlərindəki mərtəbələrarası divarların  850 kv.metr sahəsi boya ilə rənglənmişdir.
Yataqxana binalarının dam örtüyü 540 kv.metr şüşəli ruberoidlə cari təmir olunmuş, binanın zirzəmisində su təsərrüfatına aid 70 metr su borusu yenisi ilə əvəz edilmişdir.
Binaların su navalçaları təmizlənmiş, giriş qapıları rənglənmiş və tüstü bacaları işlək vəziyyətə gətirilmişdir.
Binaların həyətyanı sahəsində sakinlərin istirahəti üçün yeni abad məhəllə yaradılmaqdadır.
Şüvəlan qəsəbəsi 130 saylı MKİS-in xidmət ərazisində yerləşən zibil meydançaları əhəng məhlulu ilə ağardılmış, konteynerlər təmir edilərək rənglənmişdir.
I rüb ərzində 130 saylı MKİS-in həyətyanı sahələrində yerləşən yaşayış binalarının ətrafında iməcliklər keçirilmiş və yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir.
Mərdəkan qəsəbəsi B. Əliyev küçəsi, 71 saylı yaşayış binasının 19, 20 saylı mənzillərinin dam örtüyü 180 kv.metr şüşəli ruberoidlə cari təmir olunmuşdur.
Qala qəsəbəsi Dəmir yol dayanacağı küçəsində yerləşən birmərtəbəli 2 saylı yaşayış evinin qrunt sularına məruz qalması səbəbindən həmin sahəyə yığılmış yağış və qeyri-qrunt suların qurudulması üçün 2 nasos vasitəsilə həmin ərazi qurudulmuşdur.
Şüvəlan qəsəbəsi  A. İldırım küçəsi  15, 30 saylı yaşayış evlərinə Xəzər Su -Kanal İdarəsi tərəfindən içməli su çəkilmiş, o cümlədən 15, 58, 62 və H. Məmmədov küçəsi, 52 saylı evlərin daxili kanalizasiya xətləri mərkəzi kanalizasiya sisteminə  qoşulmuşdur.
A. İldırım küçəsi 15 və 62 saylı binaların dam örtüyündə cari təmir işləri aparılmışdır.
Şüvəlan qəsəbəsi «Şimal DRES» yaşayış sahəsi 19 saylı binanın qarşısında 50 kv.metr sahədə sakinlərin istirahəti üçün yeni abad məhəllə yaradılır. Həmin bu abad məhəllə və digər MKİS-lərdə yaradılacaq abad məhəllələrin Ulu Öndərimiz H. Əliyevin doğum  günü münasibətilə may ayına yekunlaşdırılması nəzərdə tutulub.
Xəzər rayon Su-Kanal İdarəsi də qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində bir çox tədbirləri həyata keçirmişdir. Görülən işlərin nəticəsində bu gün su istifadəçisi olan abonentlərin  sayı 22000-ə çatdırılmışdır.
2016-cı ilin I rübü ərzində Xəzər rayon Qaz istimar Sahəsinin xidmət   ərazisində itkilərin azaldılması və qaz təchizatının yaxşılaşdırılması üçün nəzərdə tutulan tədbirlər planına əsasən  aşağıdakı işlər görülmüşdür:
Şüvəlan qəsəbəsi üzrə: İ.Muradov, Nizami, Vidadi küçələrində təzyiq rejimlərinin tənzimlənməsi məqsədilə yeni çəkilmiş qaz xətlərinin üzərində qaz tənzimləyici şkafları quraşdırılmış, D 57 mm-lik 620 p/m, D 108 mm-lik 196 p/m qaz xətti çəkilmişdir.
Mərdəkan qəsəbəsi üzrə: R.Qasımov, S.Yesenin, H.Z.Tağıyev, Dənizkənarı küçələrində yeraltı qaz xətlərinin ləğv olunması məqsədilə D 57 mm-lik 618 p/m, D 76 mm-lik 131 p/m qaz xətti çəkilmiş, D-50 mm-lik siyirtmə və qaz tənzimləyici  qoyulmuş, 140 ədəd qaz sayğacları köhnə xətdən yeni xəttin üzərinə köçürülmüşdür.
Binə qəsəbəsi üzrə: Rəhmanov, R.Əşrəfov, Orconikidze, Məmmədyarov, N.Abbasov küçələri və M.Füzuli küçəsinin bir hissəsində yeraltı qaz xətlərinin ləğv olunması məqsədilə D 57 mm-lik 2520 p/m, D 108 mm-lik 450 p/m, D 76 mm-lik 1023 p/m qaz xətləri çəkilmişdir. 230 ədəd qaz sayğacları köhnə xətdən yeni xəttin üzərinə köçürülmüşdür.
Buzovna qəsəbəsi üzrə: D 57 mm-lik 400 p/m, D 32 mm-lik 40 p/m qaz xətti çəkilmişdir.
Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılması məqsədilə müəyyən işlər görülmüşdür. Belə ki, 2016-ci ilin I rübü ərzində 5 ədəd KTM və 4 ədəd güc transformatoru dəyişdirilmiş, 4 ədəd yeni KTM quraşdırılmış, 7 KTM-də ÖİN xətti quraşdırılmış, 12 ədəd qoruyucu dəyişdirilmiş, 34 ədəd TM və KTM cari təmir və təftiş olunmuş, 20 ədəd ayırıcı dəyişdirilmiş, 43 ədəd birləşdirici mufta qoyulmuş, 34 ədəd dayaq muftası qoyulmuş, 347ədəd Y/G izolyator, 31 ədəd dayaq dəyişdirilmiş və 10 ədəd dayaq basdırılmışdır. 3782 m məsafədə 6/10 kv-luq yeni kabel çəkilib, 1954 m məsafədə 0,4 kv-luq kabel, 7116 m məsafədə 6/10 kv-luq naqil dəyişdirilmişdir.
Hazırki dövrdə əhalinin rabitə və informasiya texnologiyalarına çıxış imkanlarının daha da yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Görülən işlərin nəticəsidir ki, Xəzər Telefon Qovşağının 01.04.2016-cı il tarixinə montaj tutumu 68656 nömrə və abunəçi tutumu isə 59477 nömrə təşkil etmişdir. Təkcə 2016-ci ilin I rübü ərzində Xəzər Telefon Qovşağı  əhaliyə 333 ədəd və idarələrə 10 ədəd olmaqla 343 ədəd yeni telefon sənədləşdirib. Eyni zamanda rayon əhalisinin informasiya texnologiyalarına çıxış imkanlarının daha da yaxşılaşdırılması məqsədilə  əhalinin yüksək sürətli internetlə təmin olunması üçün Xəzər Telefon Qovşağının EATS-lərində genişzolaqlı yüksəksürətli internet avadanlıqları quraşdırılaraq,  abunəçilərin istifadəsinə verilmiş və son üç ay ərzində qovşağın tutumu 277 ədəd ADSL artırılaraq,  ümumi istifadəçilərin sayı 26345 nömrəyə çatdırılmışdır.
“Azərpoçt” MMC tərəfindən 2016-cı ilin 3 ayı üçün verilmiş 263498 manat tarif gəliri proqnozu faktiki olaraq 264215 manat icra edilmişdir. Keçən ilin müvafiq dövrünün xidmətləri ilə müqayisədə PÖN satışı üzrə 31120 manat, teleqramların qəbulundan-287 manat, telefon abunə haqlarının yığımı üzrə-3277 manat, digər kommunal haqlarının yığımı üzrə-156 manat, DYP pullarının qəbulundan-1317 manat, xarici valyutanın alışı və satışı üzrə-15884 manat, digər gəlirlər üzrə-2908 manat gəlir artımı əldə olunmuşdur.
     «2014-2016-cı illərdə Bakı  şəhərinin  və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət  Proqramı»-na uyğun olaraq Xəzər rayonunuda təhsil, səhiyyə, mədəniyyət və idman sahələri də daim diqqət  mərkəzində olmuş və  2016-cı ilin I rübündə də bu istiqamətdə bir sıra işlər görülmüşdür. Belə ki, Şağan  qəsəbəsində 350 yerlik Mədəniyyət Mərkəzinin və Şahmat  məktəbinin  tikintisi və təmiri işləri tamamlanmaq üzrədir. Buzovna, Türkan, Qala qəsəbələrində  İdman Mərkəzlərinin tikintisi işləri gedir.  Dövlət Proqramına uyğun olaraq qəsəbələrdə  digər sahələr üzrə də obyektlərin  tikintisi  davam etdirilir. Bunlardan Şüvəlan qəsəbəsində Şimal DRES-in 2-ci bloku, Zirə  qəsəbəsində Məscidin tikintisi, Zirə qəsəbəsində B.Sərdarov zavodunun filialının tikintisi, Qala qəsəbəsində GEMS Dünya  Akademiyasını nümunə çəkmək olar. Qeyd olunan  obyektlərin bəzilərində artıq tamamlanma  işləri gedir.
Hesabat dövründə rəsmi dövlət bayramları və ictimai siyasi əhəmiyyət kəsb edən digər tarixi hadisələrlə bağlı rayon ərazisində geniş ictimaiyyətin iştirakı ilə  kütləvi tədbirlər keçirilmiş, dövlətçilik tariximizin qanlı səhifələrinin yazıldığı  20 yanvar, Xocalı faciəsi və 31 mart Azərbaycanlıların soyqırımı  kimi anım günləri  keçirilmiş, öz tökülən qanları ilə tarix yazan qəhrəmanların əziz xatirəsi etiramla  yad edilmişdir.
Novruz bayramı  münasibətilə Buzovna qəsəbəsində bayram şənliyi təşkil edilmiş, 1200 nəfər iştirakçı üçün  bayram süfrəsi açılmışdır. Bayram konserti və tonqal ətrafında şənlik təşkil olunmuş, xalqımızın  qədim və zəngin adət-ənənələrini  özündə  əks edirən tamaşalar göstərilmişdir.  Tədbir  İctimai Televiziya vasitəsilə geniş işıqlandırılmışdır.
      2016-cı ilin 1-ci rübündə Xəzər RİH Aparatına 775 ərizə, şikayət və müraciət və 535 xidməti sənəd daxil olmuşdur. Daxil olmuş 775 ərizə və muraciətdən 337 ərizə müsbət həll edilmiş, 361 ərizəyə lazımi izahat və təkliflər verilmiş,  2 ərizə aidiyyatı üzrə göndərilmiş,  74 ərizə isə icraatdadır.
Hesabat dövründə Xəzər rayon İcra Hakimiyyəti Başçısının qəbulunda 25 nəfər vətəndaş olmuşdur. Ötən dövrdə vətəndaşların icra hakimiyyətində qəbul edilməsinin və müraciətlərinə baxılmasının bir qismi elektron formada həyata keçirilmişdir.
2016-cı ilin 1-ci rübündə RİH Başçısı tərəfindən qəsəbələrdə 6 səyyar qəbul keçirilmiş, bu görüşlərdə 803  nəfər iştirak etmiş və 19 müraciət səslənmişdir. Müraciətlərdən asfalt örtüyünün salınması, təbii qaz problemləri, su, kanalizasiya və nəqliyyat problemləri üstünlük təşkil etmişdir.  Səyyar qəbullarda səslənmiş  müraciətlərin  əksəriyyəti müsbət həll edilmiş, digər məsələlərlə baglı isə aidiyyatı qurumlara müraciətlər göndərilmişdir.
Perspektivdə Xəzər rayon İcra Hakimiyyəti tərəfindən aparılan abadlıq işləri çərçivəsində Mərdəkan qəsəbəsinin girişindəki istirahət  parkının tikintisi işlərinin başa çatdırılması, Binə qəsəbəsində yeni istirahət  parkının tikintisinə başlanılması, Binə, Mərdəkan, Şüvəlan qəsəbələrində yerləşən bəzi hündürmərtəbəli  binaların təmir olunması, mövcud parkların mövsümə  hazır vəziyyətə gətirilməsi və digər işlər durur.
Xəzər rayon İcra Hakimiyyəti sakinlərin rahat, firavan yaşamasına yönələn bu kimi layihələrin həyata keçirilməsi üçün müvafiq işləri görəcək,  qarşıdakı dövrdə də Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarını vaxtında və keyfiyyətlə icrası, vətəndaşlarımızın layiq olduqları rifahlı yaşayışın təmin edilməsi üçün bütün imkanları səfərbər edərək qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacaqdır.

Keçidlər